[30.09.2009]
Sentyabrın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 24 avqust tarixli iclas protokolunun təsdiq olunması məsələsinə baxılmışdır. Mərkəzi Seçki Komissiyasının sədri bildirmişdir ki, bu iclasda Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılımış kursların keçirilməsi haqqında qərar qəbul olunmuşdu. Bu qərara uyğun olaraq öncə dairə seçki komissiyalarının sədrləri üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında bu təhsil ocağı ilə birgə kurslar keçirilmiş, sonra isə DSK-ların üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün belə kurslar təşkil edilmişdi. Bu kursların aşağı seçki komissiyalarının peşəkarlıq səviyyəsinin artırılmasında əhəmiyyətli rol oynadığını vurğulayan sədr dövlət başçısına təşəkkürünü bildirmişdir. O, eyni zamanda kursların təşkilində əməyi olan şəxslərə də minnətdarlıq etmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının 24 avqustda keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Bəzi seçki dairələrinin adlarında dəyişiklik edilməsi və mövcud seçki dairələrinə aid müvafiq məlumatların təsdiq olunmasına dair məsələ barədə Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova məlumat verərək qeyd etmişdir ki, bəzi bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılmışdır. Bununla əlaqədar bir sıra seçki dairələrinin və bələdiyyələrin adlarının, habelə dislokasiyalarının dəyişdirilməsi zərurəti yaranmışdır. Seçki Məcəlləsinin tələblərinə əsasən seçki dairələrinin yaradılması barədə tələblər yerinə yetirilərkən bələdiyyə qurumlarının sərhədlərinin kəsişməməsi zərurəti nəzərə alınmalıdır.
Komissiya qərara almışdır ki, 3 saylı Babək - Kəngərli seçki dairəsi müvafiq olaraq 3 saylı Babək - Kəngərli - Naxçıvan seçki dairəsi, 78 saylı Lerik-Lənkəran seçki dairəsi isə 78 saylı Lerik seçki dairəsi adlandırılsın. Eyni zamanda, respublika üzrə mövcudseçki dairələrinə aid müvafiq məlumatların təsdiq edilərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilməklə və digər qanunauyğun vasitələrlə ictimailəşdirilməsi barədə qərar qəbul olunmuşdur.
MSK bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər barədə də qərar qəbul etmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Bakı ofisinin, ABŞ və Böyük Britaniya səfirliklərinin, Beynəlxalq Respublikaçılar İnstitutunun(ABŞ), Milli Dermokratiya İnstitutunun (ABŞ), Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[28.09.2009]
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının normativ aktlardan ibarət daha iki toplusu işıq üzü görmüşdür. Toplulardan birində bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı normativ xarakterli aktlar toplanmış, digərində isə ümumilikdə seçkilərə (referenduma) aid müxtəlif təlimatlar, qayda və izahlar yer almışdır. Hazırda həmin toplular Mərkəzi Seçki Komissiyası tərəfindən aşağı seçki komissiyalarına çatdırılır.
Xatırladaq ki, bu nəşrlərdən öncə Komissiya normativ xarakterli aktlardan ibarət dörd toplunu çap etdirərək aşağı seçki komissiyalarına çatdırmışdı.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası ümumilikdə 19 normativ xarakterli aktın təsdiq olunması ilə bağlı qərar qəbul etmiş və həmin sənədlər qurumun rəsmi internet səhifələri (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) vasitəsilə ictimailəşdirilmişdir.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[11.09.2009]
Sentyabrın 11-də Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır. Dairə seçki komissiyalarının sədrlərinə həmun kursları bitirmələri ilə bağlı sertifikatlar təqdim etmişdir.
Sertifikatların təqdimat mərasimində çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirmişdir ki, sentyabr ayının 7-dən 11-dək davam etmiş kurslar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamı əsasında keçirilmişdir. Kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Milli Məclisin daimi komitə sədri Arif Rəhimzadə, Daxili İşlər Nazirinin müavini Oruc Zalov, Ədliyyə Nazirliyi və Respublika Baş Prokurorluğunun məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri, Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri mühazirələr oxumuşlar. MSK-nın sədri mühazirəçilərə və kursların təşkilində yaxından iştirak etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yaynında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilova və bu tədbirin həyata keçirilməsində əməyi olmuş digər şəxslərə təşəkkür etmişdir. M. Pənahov həmçinin kursların dairə seçki komissiyaları sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsində və seçki hüququ ilə bağlı bilıiklərinin daha da artırılmasındakı əhəmiyyətini vurğulamış və dairə seçki komissiyalarının sədrlərini bu kursları başa vurmaları münasibətilə təbrik etmişdir.
O, qeyd etmişdir ki, sentyabrın 23-25-də isə seçki hüququ üzrə ixtisaslaşdırılımış kurslar DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçiriləcəkdir. Həmin kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin məsul işçiləri, rayon prokurorları , məhkəmə sədrləri mühazirələr oxuyacaq, DSK sədrləri seminarlar keçəcəklər. Mərkəzi Seçki Komissiyasının sədri respublikada seçki praktikasının təkmilləşdirilməsi işində mühüm əhəmiyyət kəsb edəb belə genişmiqyaslı tədbirin reallaşması üçün köməklik göstərdiklərinə görə Prezident Administrasiyasının rəhbərinə, respublikanın baş prokuroruna və daxili işlər nazirinə minəttdarlığını bildirmişdir.
MSK sədrindən sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov da sözügedən tədbirin böyük əhəmiyyət kəsb etdiyini vurğulamış və DSK sədrlərini kursları bitirmələri münasibətilə təbrik etmişdir.
Mərasimin sonunda Məzahir Pənahov və Seyfəddin Qəndilov dairə seçki komissiyalarının sədlərinə seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları bitirmələri barədə sertifikatlar təqdim etmişlər.
Tədbirdə ATƏT-in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[07.09.2009]
Mərkəzi Seçki Komissiyası sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında onunla birgə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirəcək. Kursların keçirilməsində məqsəd cənab Prezidentin sözügedən Sərəncamına uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qarşısında qaldırılmış vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır. Kurslar başlamazdan öncə Mərkəzi Seçki Komissiyasının üzvləri və DSK sədrləri Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edəcəklər. Sonra isə seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılışı olacaq. Kursların açılış mərasimində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirləri Zeynal Nağdəliyev və Şahin Əliyev, Azərbaycan Respublikasının Prezidenti yaynında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov və digər rəsmi şəxslər iştirak edəcəklər. Sentyabrın 7-dən 12-dək keçiriləcək kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Milli Məclisin daimi komitə sədri Arif Rəhimzadə, Daxili İşlər Nazirinin müavini Oruc Zalov, Ədliyyə Nazirliyi və Respublika Baş Prokurorluğunun məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri, Şəhər bələdiyyələri Milli Assosiasiyasının sədri mühazirələr oxuyacaqlar. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək.
Kursların iştirkaçısı olan DSK sədrləri üçün mədəni-kütləvi tədbirlərin təşkili də nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində onlar Heydər Əliyev Fondu və AMEA-nın Milli Azərbaycan Tarixi muzeyi ilə tanış olacaqlar.
Sentyabrın 23-dən 25-dək isə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2007-ci ildə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözügedən Sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirmiş və bu kurslarda aşağı seçki komissiyalarının 31 min üzvü iştirak etmişdi.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti